




30 illik təcrübə, innovativ tədris yanaşması və müasir biliklərlə gələcəyin biznes liderlərini yetişdiririk.
Bakı Biznes Universiteti 1993-cü ildə təsis olunmuşdur. Universitetimiz Azərbaycanda biznes, iqtisadiyyat və idarəetmə yönümlü yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən özəl ali təhsil müəssisəsidir. Bakı Biznes Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarı ilə rəsmi qeydiyyata alınmış və institut statusu ilə fəaliyyətə başlamışdır. O, universitet statusu ilə 11 oktyabr 1997-ci il tarixində Nazirlər Kabinetinin 204 saylı qərarı ilə rəsmi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarına əsasən, Təhsil Nazirliyi Universitetə (xüsusi razılıq) lisenziya vermiş, bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı aparılmasını tövsiyə etmişdir. 19 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Bakı Biznes Universitetinə müddətsiz lisenziya verilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli, AKŞQ-02 nömrəli əmri ilə Bakı Biznes Universiteti növbəti 5 il müddətində akkreditasiya olunmuşdur. Bu məqsədlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı Biznes Universitetinə 28.11.2024-cü il tarixli, AC00000014 qeydiyyat nömrəli 5 illik (2029-ci ilədək qüvvədə olan) sertifikat təqdim edilmişdir.
Universitetdə tədris prosesi 21 ixtisasda 2 fakültə və 9 kafedra vasitəsilə təşkil olunur. Təhsil bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə həyata keçirilir. Bakı Biznes Universitetində tədris nəzəri hazırlıqla praktik yanaşmanın uzlaşdırılması əsasında qurulmuşdur. Tədris və elmi-tədqiqat təcrübələri müvafiq baza müəssisələrində və laboratoriyalarda müasir və interaktiv metodlardan istifadə edilməklə təşkil olunur. Universitetdə yüksəkixtisaslı kadr hazırlığına 230 nəfərlik professor-müəllim heyəti cəlb edilmişdir.
Universitetin maddi-texniki bazası müasir təhsil mühitinin tələblərinə uyğun formalaşdırılmışdır. Burada zəngin kitabxana, kompüter otaqları, linqafon kabinetləri, ixtisas laboratoriyaları, audio-video avadanlıqlarla təchiz olunmuş tədris auditoriyaları, idman kompleksi, akt zalı, müasir yeməkxana və digər zəruri infrastruktur fəaliyyət göstərir.
Universitetin əsas missiyası elmi tədqiqatları beynəlxalq standartlara uyğunlaşdırmaqla Azərbaycan Respublikasının milli iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək, ölkənin mərkəzi və yerli icra hakimiyyəti orqanları üçün müvafiq peşə kompetensiyalarına malik yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, eləcə də əmək bazarını biznes və sahibkarlıq sahələri üzrə beynəlxalq və milli peşə standartlarına əsaslanan sertifikatlaşdırılmış kadrlarla təmin etməkdir.
Təhsilin qloballaşması proseslərini daim izləmək və müasir dünyada baş verən dəyişikliklərə uyğunlaşmaq.
Fəaliyyətin bütün sahələrində, o cümlədən tədris, elm və beynəlxalq əlaqələrin inkişafında dünya təhsil sisteminə inteqrasiya etmək.
Dünya təhsil sistemində müasir təlim texnologiyalarını fasiləsiz olaraq mənimsəmək.
Təhsil sistemində problemlərə yaradıcı yanaşmaqla, tədrisin inkişafında təşəbbüskar meyilləri daim inkişaf etdirmək.
Fəaliyyəti keyfiyyət siyasətinə uyğun olaraq inkişaf etdirmək və təhsilin idarə edilməsində keyfiyyət standartlarına cavab vermək.
Təhsil resurslarının dövrü olaraq yenilənməsi, innovativ təlim texnologiyalardan səmərəli istifadə imkanlarını genişləndirmək.
Peşəkar kadrların hazırlanması və təqdim olunması sahəsində cəmiyyət və dövlətimiz qarşısında məsuliyyət hissini daim inkişaf etdirmək.