





















Bakı Biznes Universitetinin yarandığı və fəaliyyət göstərdiyi 25 il ərzində elmi-tədqiqat işlərinin səmərəli təşkili və həyata keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Elmi-tədqiqat planlarının formalaşması ölkənin direktiv orqanlarının tapşırıqları, Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisad elminin tələblərindən irəli gələn problemlərin və mövzuların işlənilməsinin zəruriliyi nəzərə alınmaqla universitet rəhbərliyi tərəfindən müəyyən edilir, icraçılar arasında onların ixtisaslarına və kafedraların fəaliyyət istiqamətlərinə əsasən illər üzrə bölüşdürülür, Elmi Şurada müzakirə edilərək təsdiqlənir və tərtib edilmiş proqramlara uyğun olaraq həyata keçirilir.
Əldə edilmiş elmi-tədqiqat işlərinin nəticələri öz əksini çap edilmiş monoqrafiya, dərslik və dərs vəsaitlərində tapır. Belə ki, keçən 25 il ərzində Universitetin professor-müəllim heyəti tərəfindən ölkə daxilində və xarici ölkələrdə 9,2 min çap vərəqi həcmində yüzlərlə iri həcmli monoqrafiya, dərslik, dərs vəsaiti, kitab, metodik vəsait, məqalələr, proqramlar və digər elmi əsərlər çap edilmişdir. Onlardan 202 dərslik və dərs vəsaiti, 146 monoqrafiya, 1385 jurnal məqalələri, 1049 tezis, 1262 proqramlar və metodik vəsaitləri qeyd etmək olar. Universitetin professor-müəllim heyəti tərəfindən hazırlanmış belə monoqrafiya və məqalələrin bir qismi xarici ölkələrdə nəşr edilmişdir. Çoxballı sistemin tətbiqinə və aparilma qaydasına dair «Tələbənin yaddaş kitabçası» çap edilmişdir. Bu yaddaş kitabçası cari imtahanların gedişi və qəbulu qaydalarını milli mentalitetimizi saxlamaq şərti ilə dünya standartlarına uyğunlaşdırılması baxımından hər il təkmilləşdirilir və yeniləşdirilir. Bakı Biznes Universitetində elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş nəzəri-praktiki konfransların təşkili ənənəvidir. Bütünlükdə 1993-cü ildən 2018-ci ilədək 9 beynəlxalq, 28 respublika, 8 tələbə konfransları keçirilmişdir.
Bakı Biznes Universitetində təşkil edilən elmi forumlara digər elmi-tədqiqat müəssisələrindən, ali təhsil məktəblərindən, nazirliklər və təşkilatlardan tanınmış mütəxəssislərin dəvəti və onların məruzələrinin dinlənilməsi iqtisadiyyat sahəsində dərin elmi biliklərin əldə olunmasına geniş şərait yaradır.Universitetin keçirdiyi elmi forumlarda kollektivlə yanaşı AMEA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, dövlət,özəl ali məktəblərin, Milli Məclisin nümayəndələrinin, Vergilər Nazirliyinin, Auditorlar Palatasının və digər nazirlik, təşkilatların rəhbərləri, nümayəndələri aktiv iştirak etmişlər.
Tədrisin keyfiyyətini yüksəltməyin əsas şərtlərindən biri də dünya standartlarına cavab verən maddi-texniki bazanın olmasıdır. Bu tələbə uyğun olaraq Universitetimizin 10148 m² sahəyə malik olan yeni müasir tədris binası tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş normativə görə ali məktəblərdə hər tələbəyə 5 m² sahə müəyyən edildiyi halda Bakı Biznes Universitetində 8 m² sahə düşür. Bununla yanaşı, universitetdə çoxsaylı linqafon kabinetləri, kompüter otaqları və xüsusi təyinatlı laboratoriyalar yaradılmış və tələbələrin istifadəsinə verilmişdir.
Konfrans zalı 300 nəfər üçün nəzərdə tutulub və əsas məqsədi elmi simpoziumlar, konfranslar və başqa tədbirlər keçirməkdir. Konfrans zalı texniki cəhətdən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmişdir. Konfrans zalında Bakı Biznes Universiteti Respublikanın iqtisadi inkişaf problemlərinə aid konfranslar keçirir və bu konfranslarda Respublikamızın görkəmli alimləri də iştirak edirlər. Konfrans zalı 300 nəfər üçün nəzərdə tutulub və əsas məqsədi elmi simpoziumlar, konfranslar və başqa tədbirlər keçirməkdir. Konfrans zalı texniki cəhətdən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmişdir.
“Audit” jurnalı elmi jurnaldır və respublikanın aparıcı iqtisadçı-alimləri burada müxtəlif mövzularda məqalələrlə çıxış edirlər. Eyni zamanda Bakı Biznes Universitetinin professor-müəllim heyəti də “Audit” jurnalında elmi və respublika iqtisadiyyatının inkişafı ilə əlaqədar aktual praktiki problemlər üzrə məqalələrlə mütəmadi çıxış edirlər. Universitetdə elmi-tədqiqat işlərinin aparılması və yüksək ixtisaslı kadrların hazırlanmasında “Audit” jurnalı böyük rol oynayır.