














Bakı Biznes Universitetinin yarandığı və fəaliyyət göstərdiyi 25 il ərzində elmi-tədqiqat işlərinin səmərəli təşkili və həyata keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Elmi-tədqiqat planlarının formalaşması ölkənin direktiv orqanlarının tapşırıqları, Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisad elminin tələblərindən irəli gələn problemlərin və mövzuların işlənilməsinin zəruriliyi nəzərə alınmaqla universitet rəhbərliyi tərəfindən müəyyən edilir, icraçılar arasında onların ixtisaslarına və kafedraların fəaliyyət istiqamətlərinə əsasən illər üzrə bölüşdürülür, Elmi Şurada müzakirə edilərək təsdiqlənir və tərtib edilmiş proqramlara uyğun olaraq həyata keçirilir. Bakı Biznes Universitetində elmi-tədqiqat işləri “Azərbaycan Respublikasında azad bazar iqtisadiyyatı münasibətlərinə əsaslanan milli iqtisadiyyatın inkişafı istiqamətində” aparılır. Yeni təsərrüfatçılıq sistemində istehsalın təşkili, idarə edilməsi, maliyyə, audit, mühasibat uçotu, iqtisadi təhlil və mülkiyyət münasibətlərinin yenidən qurulması öyrənilir və bu istiqamətdə elmi konfranslar, simpoziumlar təşkil edilir. Universitetdə həmçinin ölkəmizin xarici iqtisadi əlaqələrinin inkişafı, investisiya siyasətinin kəmiyyət və keyfiyyət baxımından təhlili, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının müasir vəziyyəti araşdırılır və sosial inkişaf məsələləri üzrə dəyirmi masalar arxasında müzakirələr keçirilir.
Tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsinin ən mühüm üstünlüklərindən biri də ondan ibarətdir ki, semestr ərzində tələbə özünün dərsə davamiyyəti və dərs mənimsəməsi üzərində nəzarət etmə imkanına malik olur. Tədrisin keyfiyyətinə müsbət təsir edən və tələbələri daha yüksək bilik əldə etməyə şövq edən vasitələrdən biri də imtahanların çoxballı sistemlə keçirilməsidir. Çoxballı sistemin tətbiqinə və aparilma qaydasına dair «Tələbənin yaddaş kitabçası» çap edilmişdir. Bu yaddaş kitabçası cari imtahanların gedişi və qəbulu qaydalarını milli mentalitetimizi saxlamaq şərti ilə dünya standartlarına uyğunlaşdırılması baxımından hər il təkmilləşdirilir və yeniləşdirilir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən göründüyü kimi ali təhsil müəssisələrində istifadə olunan tədris formalarından biri də «Kreditli tədris sistemidir». Bu sistem fənn bitirmə prinsipinə əsaslanır. Son 100 il ərzində bizə məlum olan və dünyanın bir sıra ölkələrində tətbiq edilən kurs bitirmə sistemindən fənnkeçməyə, başqa sözlə desək fənnbitirməyə əsaslanır. Fənnbitirməyə əsaslanan bu sistem Amerika sistemi kimi tanınır və kurs bitirmə sisteminə alternativ təşkil edir. Türkiyədə isə 1957-58-ci tədris ilində Ərzurumda yerləşən Atatürk Universitetində tətbiq olunmağa başlanmışdır. 1981-ci ildən etibarən kreditli sistem Türkiyənin bütün Universitetlərində tətbiq olunmağa başlanmışdır. 2005-ci ilin may ayının 19-da Norveçin Bergen şəhərində keçirilən konfransda bizim də Respublikamız Boloniya prosesinə qoşulmuşdur. Bu prosesin əsas tələblərindən biri də ali təhsil müəssisələrində kredit sisteminin tətbiqidir. Bununla əlaqədar olaraq kredit sistemin tətbiqinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli qərarı ilə «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları» təsdiq edilmişdir. Bu qaydaların əsas prinsip və tələbləri nəzərə alınaraq kredit sisteminin tətbiqi üzrə yaradılmış komissiya tərəfindən tədrisin kredit üsuluna keçirilməsinə dair universitetdaxili əsasnamə işlənib hazırlanmışdır. Universitetdaxili əsasnamədə kredit sisteminin mövcud tədris formalarından fərqli xüsusiyyətləri, təhsilin kursbitirmə sisteminə alternativ forma hesab olunan fənnbitirmənin əsas mahiyyəti, tədris planlarının tərtibi və istifadəsinin fərqli cəhətləri, tədrisin təşkili, prosesinin və tələbələrin biliyinin qiymətləndirilməsinin müxtəlifliyi və s. kənarlaşmalar öz əksini tapmışdır.
Tədrisin keyfiyyətini yüksəltməyin əsas şərtlərindən biri də dünya standartlarına cavab verən maddi-texniki bazanın olmasıdır. Bu tələbə uyğun olaraq Universitetimizin 10148 m² sahəyə malik olan yeni müasir tədris binası tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş normativə görə ali məktəblərdə hər tələbəyə 5 m² sahə müəyyən edildiyi halda Bakı Biznes Universitetində 8 m² sahə düşür. Bununla yanaşı, universitetdə çoxsaylı linqafon kabinetləri, kompüter otaqları və xüsusi təyinatlı laboratoriyalar yaradılmış və tələbələrin istifadəsinə verilmişdir.